“Qərb dövlətləri tərəfindən Azərbaycan əleyhinə dezinformasiya nə qədər çox yayılarsa, Ermənistanda da qisasçılıq səviyyəsi bir o qədər artır”.

Xeber4.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim həftəlik “Newsweek” jurnalındakı məqaləsində yazıb.

Onun sözlərinə görə, bu gün Ermənistanda davamlı olaraq hərbi təlimlər keçirilir, Qərb dövlətləri  ona ağır silahlar verir, ABŞ siyasətçiləri isə qisasçı əhvali-ruhiyyəni dəstəkləyir.

Bundan başqa, səfir Qərb KİV-ində Azərbaycanla bağlı dezinformasiyaların geniş yayılmasından və bununla da sülh məsələsinə xələl gətirilməsindən şikayətlənib.

“ABŞ, Fransa və digər ölkələrdəki anti-Azərbaycan hakimiyyət dezinformasiya səylərini Ermənistanın hərbiləşdirmək cəhdləri ilə nə qədər çox birləşdirirsə, qisasçılıq da bir o qədər bu ölkədə dərin kök salır. Mən Ermənistan diplomatlarının getdikcə daha çox davakar bəyanatlarını görürəm. Onlar xüsusilə ABŞ-dəki həmfikirləri tərəfindən məmnuniyyətlə dəstəklənirlər”, – o bildirib.

Səfir vurğulayıb ki, amerikalı diplomatlar sülh siyasətini qurmağa çalışsalar da, onların səyləri erməni cəmiyyətində qisasçı əhvali-ruhiyyəni dəstəkləyən həmkarları tərəfindən heçə endirilir.

X.İbrahim vurğulayıb ki, Azərbaycan regionda ədalətli və dayanıqlı sülhə nail olmağa çalışır. Onun sözlərinə görə, Ermənistanla fəal şəkildə davam edən sülh prosesinin təşəbbüskarı məhz Azərbaycan olub və artıq irəliləyiş əldə edilib.

“1991-ci ildə SSRİ dağıldıqdan sonra ilk dəfə olaraq iki ölkə bəzi beynəlxalq məsələlərdə bir-birini dəstəkləyib və sərhədlərin müəyyənləşdirilməsi danışıqlarında irəliləyiş əldə edib”, – o bildirib.

Səfir qeyd edib ki, Azərbaycanın səylərinə baxmayaraq, Qərb dövlətləri Cənubi Qafqaz regionunda vəziyyəti müsəlman və xristian dünyaları arasında mədəniyyət qarşıdurması kimi təqdim etməyə çalışırlar:

“Reallıqda isə hər şey tamamilə fərqlidir. Azərbaycanda bütün dinlər və etnik qruplar bir arada xoşbəxt yaşayırlar. Ancaq eyni şeyi Azərbaycanı sərt şəkildə tənqid edənlər haqqında demək olmaz. Onların şəhərləri islamofobiya, antisemitizm və nifrətlə doludur”.

Diplomat vurğulayıb ki, ABŞ beynəlxalq hüquqa əsaslanan nizam-intizamın təşviqinə görə məsuliyyət daşıyır və hüquq pozuntusu presedentləri təkcə Cənubi Qafqaz regionuna deyil, dünyaya zərər vurur.