p114YwuBjTJbL54qKeBPyIXzPBsjEo4hDarEasbf_640

Türkiyənin Sivas şəhərinin Hafik rayonunda 20 il əvvəl su bəndinin daşması nəticəsində su altında qalmış köhnə Pusat kəndi yenidən üzə çıxıb.

Bu barədə Xeber4.az “İHA”ya istinadən xəbər verir.

Məlumata görə, Hafik rayonundan 20 kilometr məsafədə, kənd təsərrüfatı və içməli su ehtiyaclarının qarşılanması üçün istifadə edilən Pusat-Özen bəndində quraqlıq səbəbindən sular əhəmiyyətli dərəcədə geri çəkilib. Nəticədə illər əvvəl su altında qalan kənd yenidən görünməyə başlayıb. 2004-cü ildə bənddə suyun səviyyəsi pik həddə çatdıqda kənddəki məscidin minarəsinin təkcə üst hissəsi göründüyü halda, indi bütün məscidi görmək mümkündür.

“İlk dəfə belə halda gördük. Kəndin, demək olar ki, yarısı gün üzünə çıxıb. Belə davam edərsə, kənd bütünlüklə ortaya çıxacaq. Gələn ilə köhnə kənddə məskunlaşacağıq. Bütün dünyada quraqlıq hökm sürür. Birinci və İkinci Dünya müharibələrini gördük və çox güman ki, su müharibələrini də görəcəyik. Suyu boşuna israf etməyək, bir damcı suyun belə çox böyük dəyəri var”, – deyə kənd sakinlərindən olan Qazi Ünal hisslərini ifadə edib.

“Köhnə kənd ortaya çıxdı. Bizim evimiz məscidlə üzbəüz idi, sular çəkildi, meydana çıxdı”, – deyə digər sakin Nihat Çörüt bildirib.