kenanmuel

“Rusiya lideri və Trampın Azərbaycanda görüşməsi nəzəri baxımdan mümkündür”.

Bunu Xeber4az -a fevralın 12-də Vladimir Putin və Donald Tramp arasında baş tutan telefon danışığı haqqında açıqlamasında siyasi ekspert Kənan Novruzov deyib.

Kremlin sözçüsü Dimitri Peskovun yaydığı məlumatda bildirilib ki, telefon danışığı zamanı Donald Tramp Rusiyaya dəvət olundu. Siyasi şərhçi Trampın bu görüşə tələsməyəcəyini bildirib:

“Putinlə Tramp arasında olan telefon danışığı çoxdan gözlənilirdi. Bu danışıqda liderlər qismən də olsa, bir-birlərinin əlindəki kartları görmüş oldular.  Trampın Rusiyaya gedib-getməyəcəyi sual altındadır. Çünki indiki halda bu addım Trampın Rusiyanın ayağına getməsi kimi başa düşülə bilər. Tramp bu səfərə tələsməyəcək. İkinci bir tərəfdən nəzərə almaq lazımdır ki, Putin xarici səfərlərin sayını kəskin azaldıb və demək olar ki, ölkədən kənara çıxmır. Xatırladım ki , Putin haqqında Beynəlxalq Cinayət Məhkəməsi qərar çıxarıb və o bir çox dünya ölkələrində həbs olunmaq təhlükəsi altındadır. Görüşün baş tutması üçün alternativ ölkələrin sayı çox azdır. Belə ölkələrdən biri Səudiyyə Ərəbistanıdır. Bundan başqa onlar Türkiyədə görüşə bilərlər. Hətta, deyərdim ki, ehtimal az olsa da, Azərbaycanda görüş təşkil oluna bilər. Nəzəri baxımdan bu mümkündür. Həm Türkiyə, həm də Azərbaycanın bu cür vasitəçiliklərdəki rolunu göz özünə gətirmək kifayətdir ki, bunu deyək. Tramp Rusiyaya getmək üçün tələsməsə də, mümkün qədər qısa vaxtda məsələlərin həllinə çalışır. Sözügedən görüş hər iki tərəf üçün əhəmiyyətlidir. Lakin, Trampın xatakterini nəzərə alsaq, çox güman ki, məkan olaraq Rusiya seçilməyəcək”.

Ekspert həmçinin telefon danışığı zamanı toxunulan vacib məsələlərlə bağlı proqnozlarını qeyd edib:

“Telefon danışığı zamanı çox ciddi məsələlər müzakirə olundu. O cümlədən, Yaxın Şərq, Rusiya-Ukrayna müharibəsi, eyni zamanda da,  İranın Nüvə proqramı məsələsi. Ümumiyyətlə, biz bilirik ki, Donald Tramp biznesmendir. Onun əsas prinsipi maraqların qarşılıqlı təmsil edilməsidir. Trampın əsas məqsədi partnyor olan Rusiya və İranın münasibətlərini zəiflətməkdir. Bunun üçün Rusiyanı İrandan qopartmalıdır. İkinci tərəfdən, Tramp Yaxın Şərqlə bağlı Rusiyanın maraqlarını öz maraqlarına yaxınlaşdıra bilsə, bunun nəticəsi özünü Rusiya-Ukrayna münaqişəsində göstərəcək. ABŞ o zaman Rusiya-Ukrayna çəkişməsində Rusiyanın maraqlarını xeyli dərəcədə nəzərə alıb Ukraynaya təzyiq göstərəcək. Yox, əgər, Rusiya İran məsələsində və Yaxın Şərq məsələsində ABŞ-nin maraqlarına uyğun davranmasa və bazarlığa getməsə, Tramp əksinə Rusiyaya təzyiqi artıracaq. Trampın həm Rusiyaya, həm də Ukraynaya təzyiq vasitələri kifayət qədərdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir