
Donald Trampın ABŞ-nin 47-ci prezidenti kimi andiçmə mərasimdəki nitqi əsasən daxili problemlərə yönəlsə də, orada qlobal təhlükəsizlik və beynəlxalq münasibətlərin gələcəyinə də vurğular var idi. ABŞ-nin yeni dövrdəki strategiyası təbii ki, Azərbaycanın da diqqət mərkəzindədir. Bakı Vaşinqtonla Tramp Administrasiyası dövründə səmərəli, qarşılıqlı hörmət və maraqların təmininə əsaslanan əlaqələr qurmaqda maraqlıdır.
Mövzu ilə bağlı Xeber4.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib ki, ABŞ Cənubi Qafqazdan “əlini götürmək” fikrində deyil:
“Trampın hakimiyyətə gəlməsi ilə ABŞ-nin bir çox regionlarla bağlı siyasəti təbii ki, dəyişəcək. Lakin köklü dəyişiklik olacağı gözlənilmir. Dəyişiklik daha çox situativ və epizodik olacaq. Çünki Amerikada oturuşmuş sistem, dərin dövlət mövcuddur və köklü siyasəti onlar müəyyənləşdirir. Bununla belə, əvvəlki hakimiyyətin siyasətinə müəyyən dəyişikliklər və düzəlişlər olacaq. Xüsusilə bu dəyişiklik özünü Şərqi Avropa və Yaxın Şərq regionunda göstərəcək. Cənubi Qafqazla bağlı da müəyyən dəyişikliyin olacağı gözləniləndir. Bu təkcə Trampla bağlı deyil, eyni zamanda Azərbaycanın yaratdığı yeni reallıqlarla, yeni oyun qaydaları ilə bağlıdır. Bu nöqteyi nəzərdən ABŞ yenə də Cənubi Qafqaza girməyə, müdaxilə etməyə çalışacaq. Bunu növbəti hərbi toqquşmaya rəvac verməklə, yoxsa mümkün sülhə töhfə verməklə edəcəyi sual altındadır. Hər halda ABŞ Azərbaycanın maraqlarını görməzdən gəlməyəcək, çünki bizimlə münasibətlərin inkişafı ABŞ-nin özü üçün əhəmiyyətlidir”.
Ekspert erməni lobbiçiliyinin Azərbaycana vurduğu xain zərbələrdən biri olan 907-ci düzəlişin aqibətinə də münasibətini bildirib:
“907-ci düzəlişə gəldikdə, açığı, bu əlavənin ləğvini gözləmirəm. Çünkin bu təkcə iqtidardan aslı məsələ deyildi. Yəqin ki, düzəliş yenə də qüvvədə qalacaq”.
Xatırladaq ki, sözügüdən 907-ci düzəliş — 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək haqqında” Akta əlavə edilən və Azərbaycana ABŞ-nin birbaşa dövlət yardımını qadağan edən düzəlişdir. Erməni lobbisinin təşəbbüsü ilə qəbul edilmişdir. Bu qadağa Azərbaycanı iqtisadi və siyasi sabitliyi asanlaşdırmaq üçün ABŞ hökumətindən birbaşa yardım almayan yeganə postsovet dövlətinə çevirmişdir.
Düzəliş ilk dəfə 1992-ci ildə Azərbaycan tərəfindən Dağlıq Qarabağın “işğalı” və Ermənistana qarşı blokadasını dayandırmaq məqsədilə senator Con Makkeyn tərəfindən təklif edilmişdir, ancaq daha sonra naməlum səbəblərə görə geri qaytarılmışdır. Bundan sonra yenidən senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Veyn Ovens tərəfindən Konqresdə irəli sürülmüşdür. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış etmişdir. Buna baxmayaraq, düzəliş Konqres tərəfindən qəbul edilmişdir.
Bu əlavə ilə Azərbaycan Dövləti Amerika hökumətinin keçmiş sovet respublikalarına göstərdiyi yardımından yeganə olaraq xaric edilmişdir. Bütün bunlar o vaxt baş verirdi ki, o zaman heç ABŞ-də Azərbaycanın səfirliyi fəaliyyət göstərmirdi.
Keçmiş ABŞ prezidenti Cozef Bayden düzəlişin qəbulunda fəal rol oynamış və dəfələrlə onun ləğv edilməsinə qarşı çıxış etmişdir.
2001-ci ildə 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti vermişdir”.