
Suriyada Əsəd rejiminin qüvvələri ilə üsyançılar, yəni İslamçı “Heyət Təhrir əş-Şam” qüvvələri arasında gərgin qarşıdurma davam edir.
Xeber4.az-ın “Reuters”ə əsasən məlumatına görə, Suriyada Bəşər Əsəd rejiminin əleyhdarları olan “Heyyət Təhrir əş-Şam” üsyançıları Suriyanın Hələb şəhərindən sonra Həmanı də nəzarət altına götürüblər.
Suriya hökuməti olan Bəşər Əsədin qüvvələri isə mübarizə apardıqdan sonra geri çəkiliblər.
Xeber4.az-ın araşdırmasına görə, iki qüvvə arasında baş verən indiki münaqişə bundan öncəki hadisələrlə bağlıdır.
Belə ki, Suriyada 2011-ci ildə başlayan “Ərəb baharı” Vətəndaş müharibəsinə səbəb olmuş və hökumətin, yəni Bəşər Əsəd rejminin əleyhdarları olan İslamçı heyyəti – üsyançı HTŞ qüvvələri münaqişəyə başlayıblar. Bu müharibə minlərlə suriyalının sürgün olunmasına səbəb olub.
Ölkəsindən didərgin düşən suriyalıların çoxu Türkiyədə yaşamağa başlayıblar. Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib ki, ölkələrində 3 milyondan çox suriyalının 40 %-i Hələbdən gələnlərdir.
Həmçinin A.Yerlikaya indiki vəziyyətdə öz vətənlərinə qayıtmaq istəyənlərə də münasibətini bildirib.
“Hazırda “İndi getmək istəyirəm” deyənlərə (Hələbdən) gözləmələrini söyləyirik. Bölgənin təhlükəsiz olduğu müəyyən edildikdən sonra bu barədə məlumat veriləcək”, – deyə o qeyd edib.
2024-cü ilin 5 dekabrında üsyançı qüvvələr olan İslamçı “Heyət Təhrir əş-Şam” qruplaşması Homsanın cənubuna doğru yürüşlərini davam etdirməyə hazırlaşdıqlarını bildiriblər. Həmçinin onlar oradakı həbsxananı ələ keçirdiklərini və məhbusları azad etdiklərini iddia ediblər.
Yaşlı suriyalı dükançı Mahir adlı vətəndaş hər kəsin Hələbdən gələn xəbərə sevindiyini və bəzilərinin geri qayıtmağı düşündüyünü bildirib.
“Biz, yəni ata və oğul Əsəd rejimi altında 50 il keçirmişik. Bu, dəhşətdir. Suriyalıların necə əziyyət çəkdiyini təsəvvür edə bilməzsiniz. Ümid edirəm ki, indi mübarizə aparanlar uğur qazanacaqlar. Onlar yeni nəsil üçün yeni həyat, yeni ölkə yaradacaqlar”, – deyə sürgün düşmüş suriyalı vətəndaş söyləyib.
Qeyd edək ki, üsyançı “Heyət Təhrir əş-Şam” İslamçı qüvvələri Bəşər Əsəd rejimindən Suriya şəhərlərini aldıqca, yerli xalq onları sevinc ilə qarşılayır.