kobaxidze

Rusiya ilə diplomatik əlaqələrin bərpası müzakirə mövzusu deyil.

Xeber4az “Report”a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Euronews”a müsahibəsində deyib.

“Rusiya ilə diplomatik əlaqələrimiz yoxdur. Rəsmi Moskva ərazi bütövlüyümüzü pozur. Abxaziya və Tsxinvali regionunun müstəqilliyinin tanınması səbəbindən diplomatik əlaqələrin bərpası müzakirə olunmur. Lakin biz praqmatik siyasət yürüdürük və bu, Rusiya ilə münasibətlərdə siyasətimizin əsas tərkib hissəsidir”, – Kobaxidze deyib.

Baş nazir həmçinin qeyd edib ki, Gürcüstan Rusiya ilə ticarət və iqtisadi əlaqələri saxlayır:

“Ərazi bütövlüyü məsələsinə gəlincə, bu məsələni yalnız sülh yolu ilə həll etməkdən başqa alternativ yoxdur”.

Məsələ ilə bağlı Xeber4.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib ki, bu, ikibaşlı bəyanatdır:

“Kobaxidzenin dedikləri ikibaşlı bəyanatdır. Yəni Baş nazir bir yandan Rusiya ilə diplomatik münasibətlərin bərpasının müzakirə mövzusu olmadığını dediyi halda, digər tərəfdən işğal altındakı torpaqların taleyinin hərbi yolla deyil, danışıqlar yolu ilə həll olunmasından danışır. Bir yandan görürük ki, Kobaxidze məhz Avropa İttifaqına üzvlük üçün Rusiya əleyhinə bəyanatlar verir, digər tərəfdən isə görünən odur ki, Gürcüstan hakimiyyəti Rusiya ilə birbaşa toqquşmalardan çəkinir. Buna görə də ilhaq olunmuş torpaqların yalnız diplomatik həllindən danışır”.

Ekspert həmçinin qeyd edib ki, Gürcüstan bu addımı ilə beynəlxalq güclər arasında balansı qorumağa çalışır:

“Əslində, Kobaxidzenin Rusiya ilə diplomatik əlaqələrin bərpasının mümkünsüzlüyündən danışması daha çox manipulyativ xarakter daşıyır. Çünki o, Rusiyaya meyilli siyasətçidir. Düşünürəm ki, Kobaxidze Avropa İttifaqı ilə Rusiya arasında balansı qorumağa çalışır. Rusiyadan gələ biləcək təhdidləri başa düşür, mövcud situasiyanı real qiymətləndirir və Ukraynanın taleyini yaşamaq istəmir. Heç Ermənistanın taleynini də yaşamaq istəmir. Digər tərəfdən Aİ (Avropa İttifaqı) ilə üzvlüyə çalışır. Kobaxidzenin bəyanatındakı bu dilemma, ziddiyyət əslində siyasi baxımdan rəsmi Tibilisinin Aİ ilə Rusiya arasında qalmasının təzahürüdür. Mənim fikrimcə, hələ uzun müddət Gürcüstan bu vəziyyətdə qalacaq və həmin ölkənin hakimiyyəti iki stulda oturmağa çalışacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir