
Samuxda oğul atasına balta ilə xəsarət yetirib.
Xeber4az APA-ya istinadən xəbər verir ki, rayonun İnstitut qəsəbəsində qeydə alınan hadisə ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Qəsəbə sakini 1978-ci il təvəllüdlü Şahnur Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü Asif Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarətlər yetirib.
Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib.
Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya Xəstəxanasına yerləşdirildiyi bildirilib.
Faktla bağlı rayon Polis Şöbəsində araşdırma başlanıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya verdiyi məlumata görə hadisə ilə bağlı müvafiq ekspertiza təyin edilib, ekspertizanın rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək.
Xəsarət alan Asif Zeynov bildirib ki, oğlu onu gecə yatan zaman baltalayıb. Oğlunun psixiatriya xəstəxanasında qeydiyyatda olduğunu bildirən ata onun 5 aydır xəstəxanadan buraxıldığını deyib: “Gecə saat birdə başıma zərbə dəydi. Gördüm ki, oğlumdur vuran. Özüm də bilmirəm nəyə görə vurdu məni. İndiyə kimi nə istəyibsə, eləmişəm. Həmişə pul istəyirdi, verirdim. Bu dəfə pul istəmədi”.
Gəncə Regional Psixatriya Xəstəxanasından bildirilib ki, 1978-ci il təvəllüdlü Şahnur Zeynalov 2020-ci ildən xəstəxanada qeydiyyatdadır. O, fevralın 21-də gecə saatlarında yenidən Psixatriya Xəstəxanasına yerləşdirilib, hazırda müalicəsi davam etdirilir.