Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransın ilk günü başa çatıb.
Xeber4.az “Report”a istinadən xəbər verir ki, 51 ölkədən 100-dən çox xarici qonağın, yerli rəsmilərin iştirak etdiyi tədbirdə müxtəlif panel sessiyaları keçirilib.
“Ermənistandan zorla çıxarılmış azərbaycanlıların geri qayıtmaq hüququnun tarixi və hüquqi əsaslarına baxış”, “Münaqişələrdən təsirlənən regionlarda barışıq və sülh quruculuğu səyləri”, “Beynəlxalq vəkillik və diplomatiyanın rolu”, “Ədalət, insan təhlükəsizliyi və əmlakın geri qaytarılması”, “Mədəni irsin qorunması və bərpası” adlı panel sessiyalarında qonaqlar müzakirələr aparıblar.
Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov konfransın bağlanış mərasimində çıxışı zamanı deyib ki, müzakirələr Qərbi azərbaycanlıların ləyaqətli və təhlükəsiz şəkildə öz yurdlarına qayıdış hüququnun təmin edilməsinin davamlı sülhün və ədalətin bərqərarı üçün zəruri olduğunu göstərib.
“Qərbi Azərbaycan İcması olaraq, bu platformanı hər il davam etdirmək, mövzu ətrafında daha geniş elmi, hüquqi və ictimai müzakirələri təşviq etmək niyyətindəyik”.
Qeyd edək ki, konfrans sabah da davam edəcək. Sabahkı proqramda qonaqların Bakıda gəzintisi, həmçinin beynəlxalq konfransın mədəni hissəsi baş tutacaq.
Zirədəki Ekoparkda tədbir iştirakçıları ilə birgə ağacəkmə aksiyasının həyata keçirilməsi də nəzərdə tutulur.