Türkiyənin Rusiyanı Suriyadan çıxarması Putinin qoşunları Ukrayna cəbhəsinə çəkməsinə fürsət yaratdı.
Bunu Xeber4.az -a Vladimir Putinin ilin yekunları ilə bağlı böyük mətbuat konfransı haqqında açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.
“Putin mətbuat konfransında dedikləri ilə bir daha göstərdi ki, Rusiya dünyada hələ də aparıcı siyasi aktor olaraq qalmaqdadır. O, müxtəlif regionlarda, o cümlədən yaxın və orta şərqdə öz nüfuzunu və hegemonluğunu qoruyur. Suallara verilən cavablar göstərir ki, Rusiya hələ uzun müddət Qərbin başına bəla olmağa davam edəcək.”
Ekspert konfransda Cənubi Qafqaz mövzusuna, ümumiyyətlə, toxunulmamasına diqqət çəkdi:
“Maraqlı məqamlardan biri ondan ibarətdir ki, Putin konfransda Ermənistan və Cənubi Qafqaz haqqında ümumilikdə heçnə demədi.”
Siyasi şərhçi, həmçinin, ABŞ-Rusiya münasibətlərinin gələcək taleyi barədə proqnoz verdi:
“Düşünürəm ki, Trampın andiçməsindən sonra ABŞ və Rusiya münasibətlərində yeni mərhələ başlayacaq və bu mərhələnin nəticəsi müxtəlif regionlarda, o cümlədən də Ukrayna ilə danışıqlarda özünü büruzə verəcək. Ehtimal edirəm ki, 2025-ci ildə Rusiya və Ukrayna arasında sülh olacaq”.
Müsahibimizin fikrincə, Rusiya Suriyadan çıxarılsa da, bir əli Suriyanın üzərində olacaq:
“Suriya məsələsinə gəldikdə isə Rusiya növbəti mərhələdə Türkiyə ilə diplomatik danışıqlar nəticəsində çalışacaq ki, Suriyada təsir gücünü qorusun. Doğrudur, Türkiyə Rusiyanı Suriyadan çıxartdı, amma Rusiyanın burada qazancı ondan ibarət oldu ki, qoşunların əksəriyyətini Ukrayna cəbhəsinə çəkə bildi. Putin bu ssenarini əvvəlcədən hesabladığı üçün Suriyada ciddi müqavimət göstərmədi.”
Qeyd edək ki, dekabrın 19-da Rusiya Prezidenti Vladimir Putinin ilin yekunları ilə bağlı böyük mətbuat konfransı keçirilib. Rusiya lideri hər ilin sonunda ənənəvi olaraq ölkəsinin daxili və xarici siyasəti ilə bağlı yerli və xarici media nümayəndələrinin suallarını cavablandırır.