BMT-də “İranda yaşayan Azərbaycan türklərinə qarşı təhsildə ayrı-seçkilik” mövzusu müzakirə edilib.
Xeber4.az “Azad İran”a istinadən xəbər verir ki, CRESCENT Araşdırmalar Mərkəzinin həmtəsisçisi Murad Təhməzov noyabrın 28-də Cenevrədə BMT-nin Etnik Azlıqların Problemləri üzrə Forumunun 17-ci sessiyasında “İran Azərbaycan türklərinə qarşı təhsildə ayrı-seçkilik edir” mövzusunda məruzə ilə çıxış edib.
“Türklərin İranda ən böyük etnik azlıqlardan biri olmasına baxmayaraq, Azərbaycan türkləri təhsildə fundamental hüquqlardan məhrum edilir ki, bu da onların mədəni kimliyinə və irsinə ciddi ziyan vurur. Birincisi, Azərbaycan türkcəsi İranın dövlət təhsil sistemində yoxdur. Nəinki azərbaycanlı uşaqlar ana dillərində öyrənməkdən məhrumdurlar, həm də Azərbaycan dili, tarixi, mədəniyyəti ilə bağlı kurslar belə keçirilmir.”
Murad Təhməzov bu cür addımların etnik azlıqların beynəlxalq insan hüquqlarının standartlarını pozduğunu söyləyib.
“Fars dili yeganə tədris dili olaraq qalır və tarix dərslikləri qərəzli hekayələrlə təbliğ edir. Bu cür addımlar etnik azlıqların beynəlxalq insan hüquqları standartlarını pozur”.
Təhməzov əlavə edib ki, bu cür məzmunlar İran tarixində Azərbaycanın töhfələrini silməklə yanaşı anti-türk ab-havası üçün zəmin yaradır.
O, həmçinin Azərbaycan türkcəsinin “azəri” adlandırılmasına toxunaraq bildirib ki, bu, fars millətçi rəvayətləri ilə uyğunlaşmaq üçün istifadə edilən bir termindir.
Təhməzov milli fəalların mədəni fəaliyyətlər apardıqlarına görə işgəncələrə məruz qalmalarından da söz açıb. O, beynəlxalq ictimaiyyəti İranda Azərbaycan türkcəsinin qanuni tədris dili kimi tanınması üçün vacib addımlar atmağa çağırıb.