İsrail və Livanın “Hizbullah” qüvvələri arasında hərbi əməliyyatları dayandırmaq və atəşkəsə nail olmaq üçün görüş baş tutacaq.
Xeber4.az “BBC”yə istinadən xəbər verir ki, sözügedən atəşkəs 60 gün müddətində olacaq və İsrail hərbiçilərinin Livandan çıxarılması nəzərdə tutulub.
Buna qarşılıq “Hizbullah” isə Litani çayının cənubundakı mövcudluğuna son qoyacaq və Hizbullah ordusu Livanın ordusunun qoşunları ilə əvəzlənəcək.
Kanal 12-nin verdiyi məlumata görə, iki tərəf arasındakı razılaşmaya bunlar daxildir: •Qarşılıqlı atəşkəs; •İsrail Müdafiə Qüvvələrinin Livanda 60 günə qədər mövcudluğu; •Livanın cənubunda İsrailin işğal etdiyi bufer zona yoxdur. •Atəşkəs rejiminə nəzarət etmək üçün beş ölkədən ibarət komitəyə ABŞ rəhbərlik edəcək.
İsrailin baş naziri Benyamin Netanyahu razılaşmaya prinsipcə razı olduğunu bildirib.
Fransa hökuməti isə İsrail və “Hizbullah”ı yaranmış olan bu fürsətdən istifadə etməyə çağırıb.
Lakin İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir isə Netanyahuya müraciətində atəşkəsin əleyhinə çıxış edərək bildirib ki, o mütləq qələbəyə qədər müharibəni davam etdirsin:
“Bu razılaşmanı dayandırmaq üçün hələ də gec deyil”,-deyərək Ben-Qvir sözügedən razılaşmaya qarşı çıxıb.
Xatırladaq ki, İsrail və Livan arasında aparılan danışıqlar yaxşıya doğru getsə də, Qəzzada hələ də müharibəyə son qoymaq üçün aparılan danışıqlar davam edir.
Qeyd edək ki, İsrail-Livan müharibəsi ötən ilin oktyabrın 8-i tarixində Hizbullahın HƏMASA dəstək məqsədli İsrailə raket zərbələri endirməsi ilə başlayıb.