
Husilər İstanbulda yerləşən Oras Shipping şirkətinə məxsus yük daşıyan gəmiyə raket hücumu edib.
Xeber4.az “Halk TV”yə istinadən xəbər verir ki, Yəmənin Muha şəhərindən 46 kilometr qərbdə, Qırmızı dənizdə “Anadolu S” adlı yük daşıcıyını husilər raketlə vurub.
Hücum zamanı raket “Anadolu S” gəmisinin arxa hissəsindən 500 metr aralıda düşüb. Hücumdan bir neçə dəqiqə əvvəl VHF Kanal 16 vasitəsilə gəminin kapitanına bu barədə məlumat verilib. Bu xəbərdarlıq nəticəsində kapitan gəminin istiqamətini sürətlə dəyişərək təhlükəli ərazidən uzaqlaşıb.
Oras Gəmiçilik İdarə heyəti Başçısı Kapitan Saleh Zeki Çakır: “Hələlik heç bir problem yoxdur. Kapitana verilən xəbərdarlıqla gəminin istiqaməti dəyişərək, ona ciddi ziyan dəyməyib.”,-deyə o bildirib.
Qeyd edək ki, Husilər Yəmənin şiə müsəlman azlığı olan silahlı siyasi və dini qrupdur.