
Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Xeber4.az “Teleqraf.com”a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səbinə Məmmədzadənin sədrlik etdiyi prosesdə Əhməd Əhmədovun ibtidai istintaqa verdiyi ifadəsi elan edilib.
Xətai rayon Məhkəməsinin 7 may 2024-cü il tarixli qərarı ilə prosessual fəaliyyət qabiliyyati olmayan hesab edilənə qədar iş üzrə əvvəl şübhəli, daha sonra isə təqsirləndirilən şəxs qismində dindirilmiş Əhməd Əhmədov törətmiş olduğu cinayət əməlini etiraf edib.
Ailəsini məhv edən Əhmədin ifadəsi:
O, etiraf edib ki, mütəmadi olaraq ailəsinə problemlər yaratdığı üçün illər əvvəl ona əlavə ev alıblar. O, həmin evdə tənha yaşadığı üçün atası, anası, bacısı və qardaşı ilə normal münasibəti olmayıb. Məhz ona diqqət göstərmədiklərinə görə, ailəsinə qarşı nifrəti yaranıb. Bundan əlavə o iddia edib ki, sanki içindən gələn səslərdə ona “ailəni öldürməlisən” deyilirmiş.
“Mən dəfələrlə ailəmə problemlər yaratdığım üçün evdə olan narazılıqlardan ötrü mənə ayrı ev alıblar. Həmin evdə tək yaşamışam. Tək yaşadığım üçün atam, anam, bacım və qardaşımla normal münasibətim olmayıb. Atam mətbəxdə səhər yeməyi hazırlamağa başladı. Mən atamı öldürmək qərarına gəldiyim üçün evin mətbəxindən götürdüyüm bıçaqla qəflətən ona zərbələr vurmağa başladım. Atam ağır xəsarətlər alaraq yerə yıxıldı. Mən avtomobilin açarını və atamı vurduğum bıçağı götürərək evdən çıxdım”.
“Hunday Aksent” markalı avtomobillə Bakı şəhəri, Suraxanı rayonunda yaşayan bacım Elmiragilə getdim. Bacım qapını açdı. Mən Elmiraya öz üzərimdə olan bıçaqla zərbələr vurmağa başladım və Elmira yerə yıxıldı. Həmin vaxt evdə olan bacım qızı Ülviyyə ağlayırdı. Mən Ülviyyəyə də bıçaqla zərbələr vurarkən bıçaq əlimdə qırıldı. Daha sonra mətbəxə keçdim, oradan başqa bıçaq götürərək onların ikisinə də həmin bıçaqla yenidən zərbələr vurdum.
Bıçaqların ikisini də orada qoydum və avtomobillə Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən binanın həyətinə qayıtdım və avtomobili orada saxladım”.
Əhmədin ifadəsindən məlum olur ki, təxminən saat 15 radələrində məhəllədə olan “AL market”ə girib və siqaret almaq istəyib:
“Lakin əlimdə qan olduğunu gördükləri üçün mənə siqaret satmadılar. Marketdən çıxarkən gördüm ki, anam Pikə və qardaşım Məhəmməd yaşadığımız evə gedirlər. Anamla sözlü mübahisə etdim.
Sonra anam dedi ki, çıx get, bəsdir, ailəmizi çox incidirsən. Pikə Məhəmmədlə birlikdə öz yaşadıqları binaya tərəf getdi. Mən də oradan “1001 xırdavat” mağazasına girdim və 20 manata balta aldım. Onların arxasınca yaşadığımız binaya tərəf getdim. Baltanı belimə qoyub anamgil yaşayan bloka daxil oldum. Anamgil isə liftlə öz yaşadıqları mənzilə qalxırdılar.
Mən digər liftlə həmin mənzilə qalxdım. Liftdən çıxan kimi belimdəki balta ilə qapını açmaq istəyən anamı vurmağa başladım. Bu zaman arxadan qadın cinsli bir şəxs anamı nə üçün vurduğumu soruşdu. Ona “bas bayıra” deyərək qışqırdım. Sonra həmin balta ilə qardaşım Məhəmmədi də vurdum və onları da öldürdükdən sonra qapını açaraq evə girdim. Baltanı şkafla eyvanın divarı arasındakı hissədə olan 2 ədəd su borusunun arxasında gizlətdim, paltarlarımı dəyişərək evdən çıxdım”
Müstəntiqin “yaxşı, bəs, azyaşlı qardaşını və bacının qızını niyə öldürdün”, – sualına isə Əhməd “böyüyüb valideynlərinə oxşayacaqlarını düşündüyüm üçün…”, – cavabını verib.
Proses oktyabrın 10-u hüquqi varislərin ifadəsi ilə davam edəcək.