Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi, polis polkovnik-leytenantı, dəfələrlə dünya və Avropa çempionu Eduard Məmmədov növbəti dəfə tarixi uğura imza atıb.
Xeber4.az “Oxu.az”a istinadən xəbər verir ki, Titullu idmançımız Yunanıstanda keçirilən kikboksinqin WAKO versiyası üzrə Avropa çempionatında 2 qızıl medal qazanıb.
“Master Class” kateqoriyasında 63 kq çəki dərəcəsində mübarizə aparan Eduard Məmmədov Afina şəhərində keçirilən yarışda iki versiyada döyüşüb. “Light Contact” növündə italiyalı Marko De Franko və isveçli Ola Alvarssona qalib gələn kikboksçumuz 1-ci yeri tutub. “Kick Light”da isə italiyalı Kaloqero Simone, eləcə də isveçli Ola Alvarssonu məğlub edən Eduard Məmmədov ümumilikdə 11-ci dəfə Avropa çempionu olub.
Eduard Məmmədov qələbəsini Zəfər Gününə həsr etdiyini bildirib. İdmançı bayrağımızı dünya arenasında dalğalandıraraq himnimizi səsləndirməyin onun üçün böyük şərəf və fəxr olduğunu qeyd edib.